Bu il “Şahdəniz” yatağından qaz və kondensat hasilatı artıb
- 04 noyabr, 2021
- 10:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin üçüncü rübü ərzində “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən eyniadlı qaz-kondensat yatağından Azərbaycan (“Azərkontrakt” ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
İlin doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (24 milyon barel) kondensat hasil edilib.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin yanvar-sentyabr ayları müqayisədə 0,3 %, kondensat hasilatının həcmi 11,1 % çoxdur.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.
Qeyd edık ki, bu il “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) imzalanmasının 25-ci ildönümü qeyd olunur. HPBS 4 iyun 1996-cı il tarixində SOCAR-la xarici şirkətlərin konsorsiumu arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib. 25 il öncə Şahdəniz üzrə bu sazişin imzalanması Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir hadisədir.
Layihədə BP (operator – 28,83 %), "AzSD" (10 %), "SGC Upstream" (6,67 %), "LUKoil" (25,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.