Bu il “Şahdəniz” yatağından qaz hasilatı 12 %-dən çox artıb
- 03 noyabr, 2022
- 10:30
Bu ilin ilk doqquz ayında “Şahdəniz” yatağından ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 18 milyard standart kubmetr qaz və 3 milyon tondan artıq (təqribən 27 milyon barel) kondensat hasil edilib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə III rübün yekunu üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Hesabat dövründə “Şahdəniz” yatağından qaz hasilatının həcmi ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 12,5 % çox, kondensat hasilatının həcmi demək olar eyni olub.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 73 milyon (ildə 26,5 milyarddan artıq) standart kubmetrdir.
“Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq üçüncü rübdə “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı "Şahdəniz-1" qurğularında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən “Şahdəniz Alfa” platformasından hasilat təxminən 14 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "Lukoil” (19,99 %), Cənub Qaz Dəhlizi (6,67 %), SOCAR (14,35 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.