Bu il “Petkim”in optimallaşdırılmasına yatırılan investisiyalar 18 milyon ABŞ dollarına yaxınlaşıb

Energetika
  • 30 may, 2024
  • 13:13
Bu il “Petkim”in optimallaşdırılmasına yatırılan investisiyalar 18 milyon ABŞ dollarına yaxınlaşıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına 2024-cü ilin yanvar-mart aylarında 568,708 milyon türk lirəsi (indiki məzənnə ilə 17,7 milyon ABŞ dolları) həcmində investisiya yatırıb.

“Report” bu barədə “Petkim Petrokimya Holding”in bu ilin birinci rübü üzrə fəaliyyətinin yekunlarına dair rüblük hesabatına istinadən xəbər verir.

Ötən ilin birinci rübündə kompleksin inkişafına investisiyaların 360 milyon türk lirəsi təşkil etdiyini nəzərə alsaq, 2024-cü ilin yanvar-mart aylarında onların həcmi 58 % artıb.

“Bu il ərzində investisiyalar “Petkim” zavodlarının modernləşdirilməsinə, ümumi təkmilləşdirməyə və texnologiyanın inkişafına, enerji səmərəliliyi və ətraf mühitin mühafizəsinə yönəldiləcək”, - hesabatda deyilir.

Bundan əlavə, sənədə əsasən, 2024-cü ilin birinci rübündə “Petkim”in istehsal həcmi 505 min ton (11,5 % az) təşkil edib. Hesabat dövründə holdinq 451,834 min ton (4 % çox) neft-kimya məhsulları satıb.

Hesabat dövründə kompleksin istehsal gücündən istifadə 2023-cü ilin yanvar-mart ayları üzrə 63,9 %-ə qarşı 57,7 % təşkil edib.

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan “SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding” neft-kimya kompleksində nəzarət səhm paketinin (51 %) sahibidir.

Qeyd edək ki, SOCAR-ın “Petkim” kompleksinin inkişafına illik sərmayəsi təqribən 100 milyon ABŞ dolları təşkil edir.

Xatırladaq ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında kotirovka olunur.

44 filmi