Bu il neft və qazın nəqlindən ARDNF-in əldə edəcəyi tranzit gəlirlər açıqlanıb

Energetika
  • 28 yanvar, 2025
  • 13:58
Bu il neft və qazın nəqlindən ARDNF-in əldə edəcəyi tranzit gəlirlər açıqlanıb

Bu il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən tranzit gəlirləri 14,9 milyon ABŞ dolları və ya 25,4 milyon manat təşkil edəcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üçün büdcəsinə verdiyi rəydə bildirilib.

Bu, manat ifadəsi ilə 2023-cü ilin müvafiq icra göstəricisindən 24,6 milyon manat, 2024-cü ilin proqnozundan 25,2 milyon manat, gözlənilən icra göstəricisindən isə 24,9 milyon manat çoxdur.

2024-cü ildə ARDNF-in tranzit gəlirlərinin məbləği ilkin olaraq 14,2 milyon ABŞ dolları və ya 24,2 milyon manat nəzərdə tutulub. Fondun ötən ilin büdcəsinə dəyişiklik zamanı bu gəlir maddəsində müvafiq dəyişiklik edilərək 0,1 milyon ABŞ dolları və ya 0,2 milyon manata kimi azaldılıb.

2024-cü ilin 9 ayında bu gəlir maddəsi üzrə icra 306,3 % və ya 0,3 milyon ABŞ dolları təşkil edib.