Bu il “Kürovdağ” neft yatağından hasilatın həcmi açıqlanıb

Energetika
  • 30 yanvar, 2025
  • 07:40
Bu il “Kürovdağ” neft yatağından hasilatın həcmi açıqlanıb

Bu il Azərbaycanın quruda yerləşən “Kürovdağ” yatağından 0,96 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə dair verdiyi rəydə deyilir.

Bu, 2024-cü ilin proqnoz göstəricisi ilə eynidir, 2023-cü ilin faktiki göstəricisinə nisbətən isə 0,03 milyon barel və ya 0,03 % azdır.

Qeyd edək ki, "Kürovdağ" yatağı Bakı şəhərindən 120 km cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1 sentyabr 1997-ci ildən müştərək müəssisə ("Shirvanoil"), 5 oktyabr 2009-cu ildən isə əməliyyat şirkəti ("Shirvan Operating Company Limited") tərəfindən istismar edilir.

2004-cü ilin sonlarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Böyük Britaniyanın "Caspian Energy Group" şirkəti arasında imzalanan razılıq əsasında Azərbaycanın qurudakı "Kürovdağ" neft yatağına daxil olan blokun bərpası, istehsalı və bölünməsi üçün PSA tipli müqavilə 2008-çi ilin martında ləğv edilib. Azərbaycan parlamenti sənədi qəbul etsə də, "Caspian Energy Group" müqavilə öncəsi bəzi öhdəlikləri yerinə yetirmədi, bundan başqa PSA tipli müqavilənin bəzi şərtləri şirkəti qane etmirdi.

Tərəflər PSA müqaviləsini ləğv etmək və əvvəllər də yataqda fəaliyyət göstərən "Shirvanoil" birgə müəssisəsinin şərtləri daxilində paritet əsaslarla işləri davam etdirmək razılığına gəldilər.

Saziş sahəsi 115 km2 təşkil edir. İstismar başlayandan 1 aprel 2011-ci ilə kimi yataqda 1 153 quyu qazılıb.