Bu il İtaliya Azərbaycandan 3,4 milyard kubmetrdən çox qaz alıb
- 27 iyun, 2024
- 07:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükü 3 milyard 413 milyon kubmetr təşkil edib.
Bu barədə “Report”a İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən məlumat verilib.
“Bu göstərici ötən ilin 4 ayında 3 milyard 311 milyon kubmetr təşkil edib. Belə ki, bu ilin hesabat dövründə tədarükün həcmi 3,1 % artıb”, - məlumatda qeyd edilib.
İtaliyaya ümumi qaz idxalında Azərbaycanın payı 16,8 % təşkil edib.
Ümumilikdə, 2024-cü ilin yanvar-aprel aylarında İtaliya 20 milyard 348 milyon kubmetr “mavi yanacaq” idxal edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 % azdır.
Nazirliyin məlumatına əsasən, apreldə Azərbaycan qazının İtaliyaya tədarükü 818 milyon kubmetr təşkil edib və bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 % azdır.
Aprel ayında İtaliyaya təbii qazın ümumi idxalı 5 milyard 398 milyon kubmetr (8,2 % az) təşkil edib. İdxalda Azərbaycandan tədarük edilən qazın payı 15,2 % təşkil edib.
Qeyd edilib ki, 2023-cü ildə İtaliya Azərbaycandan TAP vasitəsilə 9 milyard 988 milyon kubmetr qaz alıb (2022-ci illə müqayisədə 3,2 % az).
Xatırladaq ki, Azərbaycan 2022-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb.