Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 3 dəfəyə yaxın artıb
- 05 noyabr, 2024
- 08:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 60 milyon ABŞ dolları təşkil edib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.
Bu, 2023-cü ilin 9 ayının nəticələri ilə müqayisədə 11 milyon ABŞ dolları və ya 22,4 % çoxdur.
Hesabat dövründə boru kəmərinin əsaslı xərcləri 13 milyon ABŞ dolları təşkil edib ki, bu da bir il öncəki göstəricilərlə müqayisədə 8,5 milyon ABŞ dolları və ya 2,9 dəfə çoxdur.
Bu ilin ilk 9 ayı ərzində CQBK-nın ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr olub ki, bu da 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1,2 milyon kubmetr və ya 2 % çoxdur.
Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %) çıxış edirlər.