Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 43 % artıb
- 18 iyul, 2022
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 17 milyon 747,2 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, daha əvvəlki ilin yanvar-iyun ayları ilə nisbətən 1,7 % çoxdur.
Bu ilin yanvar-iyun ayları ərzində nəqletmənin 79,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Hesabat ayları ərzində BTC vasitəsilə 14 milyon 111,6 min ton neft ötürülüb. Bu isə 2021-ci ilin 6 ayı ilə müqayisədə 8 % çoxdur.
Dövr ərzində BTC kəməri ilə 2 milyon 360,6 min ton tranzit nefti də nəql edilib ki, bu da 2021-ci ilin ilk 6 ayının göstəricisi ilə müqayisədə 43,1 % çoxdur.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
"BTC Ko."nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.