Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 2 %-dən çox artıb

Energetika
  • 17 dekabr, 2024
  • 10:50
Bu il BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 2 %-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 35 milyon 360 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin yanvar-noyabr aylarının göstəricisinə nisbətən 2,9 % azdır.

Ötən dövr ərzində nəqletmənin 75,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Bu ilin yanvar-noyabr aylarında bu kəmər vasitəsilə 26 milyon 831,1 min ton neft ötürülüb. Bu, 2023-cü ilin 10 ayı ilə müqayisədə 2,9 % azdır.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,8 %-ini və ya 21 milyon 940,5 min tonunu Azərbaycanda hasil edilən neft, 18,2 %-ini və ya 4 milyon 890,6 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 4 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 2,3 % artıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

44 - Tezliklə