Bu il BTC əsaslı xərclərini 79 %-ə yaxın artırıb
- 06 noyabr, 2025
- 13:06
Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 97 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 50 milyon ABŞ dolları xərclənib.
"Report" "BP-Azerbaijan" şirkətinin hesabatına əsasən xəbər verir ki, 2024-cü ilin üç rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 7 milyon ABŞ dolları və ya 6,7 % azdır.
Ötən ilin göstəricisi ilə müqayisədə əsas ixrac boru kəmərinin əsaslı xərcləri isə 22 milyon ABŞ dolları və ya 78,6 % çoxdur.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 613 milyon ton (təxminən 4,6 milyard barel) xam neft nəql edilib və Ceyhanda 6 078 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 19 milyon ton (təxminən 159 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 216 tankerə yüklənmiş və yola salınıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); SOCAR (32,97 %); MOL (8,90 %), TPAO (6,53 %); "Eni" (5,00 %); "TotalEnergies" (5,00 %), "İtochu" (3,40 %); "İnpex" (2,50 %), "ExxonMobil" (2,50 %) və ONGC (BTC) Limited (3,1 %) şirkətləridir.