Bu il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 22 % artıb
- 18 iyul, 2022
- 08:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 19 milyard 898,1 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,6 % artım müşahidə olunub.
Hesabat dövrünə qazın nəqlinin 51,4 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 10 milyard 235,6 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar-iyun aylarının göstəriciləri ilə müqayisədə 22,3 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.