Bu il Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəqletmə 20 %-dək artıb
- 17 oktyabr, 2022
- 07:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 28 milyard 506,1 milyon kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 % artım müşahidə olunub.
Hesabat dövründə qazın nəqlinin 53,3 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Bu kəmərlə 15 milyard 203,3 milyon kubmetr qaz ötürülüb. Bu, 2021-ci ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 19,6 % çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.