Bu il Azərbaycandan İtaliyaya TAP ilə qaz tədarükü 2 %-dən çox artıb
- 26 dekabr, 2024
- 06:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz tədarükü 8,48 milyard kubmetr təşkil edib.
Bu barədə “Report” İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 % çoxdur.
Bu ilin 10 ayı ərzində İtaliya 47,63 milyard kubmetr təbii qaz idxal edib. Bu da ötən illə müqayisədə 1,9 % azdır. Bu ölkəyə qaz tədarükünün 17,8 %-i Azərbaycanın payına düşüb.
Nazirliyin məlumatına əsasən, oktyabrda Azərbaycan qazının İtaliyaya tədarükü 931 milyon kubmetr (2023-cü ilin oktyabr göstəricisinə nisbətən 0,1 % az) və ya ümumi qaz idxalının 21,3 %-ni təşkil edib. Oktyabrda İtaliyaya 4,366 milyard kubmetr qaz ixrac edilib (0,7 % çox).
2023-cü ildə İtaliya TAP vasitəsilə Azərbaycandan 9,988 milyard kubmetr qaz alıb (2022-ci illə müqayisədə 3,2 % az). 2024-cü ildə isə Azərbaycan İtaliyaya 9,6 milyard kubmetr “mavi yanacaq” tədarük etməyi planlaşdırır.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya ixracına 2022-ci il dekabrın 31-də başlanılıb.