Bu il Azərbaycandan Avstriyaya neft ixracı 2 dəfə artıb

Energetika
  • 26 mart, 2023
  • 12:27
Bu il Azərbaycandan Avstriyaya neft ixracı 2 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Avstriyaya 176 min 251,8 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 95 milyon 280,09 min ABŞ dolları təşkil edib.

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Avstriyaya ixrac olunmuş məhsulun miqdarı 2022-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 2,1 dəfə, dəyəri isə 1,7 dəfə çoxdur.

Bu ilin ilk iki ayında Azərbaycandan Avstriyaya ixrac edilən xam neftin ümumi neft ixracında payı 3,40 % olub.

Xatırladaq ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 5 milyon 175 min 061,27 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Bu miqdarda məhsulun dəyəri 3 milyard 250 milyon 676,94 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.