Bu il Azərbaycanda mazut istehsalı 5 dəfədən çox artıb

Energetika
  • 15 oktyabr, 2024
  • 13:37
Bu il Azərbaycanda mazut istehsalı 5 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 26,9 min ton mazut istehsal edilib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.

Ümumilikdə, bu ilin 9 ayında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 3 milyard 913,4 milyon manat təşkil edib. İl ərzində bu göstərici 2,8 % artıb.

Eyni zamanda, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ölkədə avtomobil benzini istehsalı 0,9 % azalaraq 1 milyon 70,5 min tona enib.

Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 milyon 752,9 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə sürtkü yağlarının istehsalı 10,3 % artaraq 49,4 min tona, neft bitumunun istehsalı isə 7,1 % artaraq 211,9 min tona çatıb.

Həmçinin, Azərbaycanda bu dövrdə 151,4 min ton maye qazlar, 492,9 min ton ağ neft, 157 min ton neft koksu istehsal edilib. Son bir ildə maye qazların istehsalı 15,4 %, neft koksunun istehsalı 10,8 % azalıb, ağ neftin istehsalı isə 12 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.