Bu il Azərbaycanda mazut istehsalı 5 dəfədən çox artıb

Energetika
  • 13 sentyabr, 2024
  • 13:23
Bu il Azərbaycanda mazut istehsalı 5 dəfədən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26,6 min ton mazut istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5,1 dəfə çoxdur.

Ümumilikdə, bu ilin 8 ayında Azərbaycanda neft məhsullarının istehsalının ümumi dəyəri 3 milyard 443,8 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 3,1 % çoxdur.

Eyni zamanda, yanvar-avqust aylarında ölkədə 973,4 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 % çoxdur. Dizel yanacağı istehsalı il ərzində 1,2 % artaraq 1 milyon 333,5 min tona çatıb.

Hesabat dövründə 43,9 min ton sürtkü yağları, 175,9 min ton neft bitumu istehsal edilib. Bir il öncəki göstəricilər ilə müqayisədə Azərbaycanda sürtkü yağlarının istehsalı 9,7 %, neft bitumunun istehsalı isə 2,6 % artıb.

Həmçinin, ölkədə 132,5 min ton maye qazlar, 430,7 min ton ağ neft, 138,4 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 17 %, neft koksunun istehsalı 13,9 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 12,1 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.