Bu il Azərbaycanda mazut istehsalı 3 dəfədən çox artıb

Energetika
  • 14 avqust, 2024
  • 09:49
Bu il Azərbaycanda mazut istehsalı 3 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 13,1 min ton mazut istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Ümumilikdə, bu ilin 7 ayında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 2 milyard 908 milyon manat təşkil edib. Bu, 2023-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1,3 % çoxdur.

Eyni zamanda, bu ilin 7 ayında ölkədə 842,7 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur. Bu ilin 7 ayında ölkədə 1 milyon 333,5 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-iyul aylarının göstəriciləri ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə 37,9 min ton sürtkü yağları, 148,1 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 7 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 7,1 %, neft bitumunun istehsalı isə 7,6 % artıb.

Həmçinin, ilin yanvar-iyul aylarında ölkədə 114,5 min ton maye qazlar, 366 min ton ağ neft, 120,5 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 18,8 %, neft koksunun istehsalı 15,3 % azalıb. Bu müddət ərzində ölkədə ağ neftin istehsalı 9,5 % artıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.