Bu il Azərbaycanda hasil edilən neftin 25 %-i SOCAR-ın payına düşüb

Energetika
  • 11 aprel, 2023
  • 12:55
Bu il Azərbaycanda hasil edilən neftin 25 %-i SOCAR-ın payına düşüb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda hasil edilən neftin 1,9 milyon tonu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-mart ayları üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə eynidir.

Hesabat dövründə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, illik müqayisədə 0,6 milyon ton və ya 7,2 % azdır.

Bildirilir ki, respublika üzrə neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. Bu da 2022-ci ilin I rübün göstəriciləri ilə müqayisədə AÇG üzrə 0,6 milyon ton və ya 11,3 % azdır. “Şahdəniz” yatağı üzrə isə hasilat illik müqayisədə eynidir.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan 6,4 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon ton və ya 4,5 % azdır.

Bunun 5,8 milyon tona yaxını isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. İxraca nəql edilən həcmlərin 576 min tonu isə SOCAR-ın payına düşür.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.