Bu il Azərbaycan Türkiyəyə qaz ixracını 20 %-dək azaldıb

Energetika
  • 13 dekabr, 2021
  • 11:27
Bu il Azərbaycan Türkiyəyə qaz ixracını 20 %-dək azaldıb

Bu ilin sentyabr ayında Azərbaycan Türkiyəyə 737,99 milyon kubmetr təbii qaz ixrac edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 2,02 % azdır.

Bununla da sentyabr ayında Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən üçüncü ölkə olub. Azərbaycanın Türkiyəyə ixrac etdiyi ümumi təbii qazın həcmi bu ölkənin idxal etdiyi qazın 17,24 %-nə bərabərdir.

Bu ilin sentyabr ayında Türkiyə ümumilikdə 4 milyard 281,48 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 15 % çoxdur.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Türkiyəyə 6 milayrd 703,629 milyon kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin üç rübü ilə müqayisədə 19,02 % azdır.

Qeyd edək ki, sentyabr ayında Rusiya Türkiyəyə qaz ixracına görə lider olub. Həmin ay Rusiyadan Türkiyəyə 2 milyard 002,19 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 7,88 % çoxdur.

İkinci yerdə İran qərarlaşıb. Bu ölkə sentyabrda Türkiyəyə 888,34 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 72,53 % çoxdur.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.