Bu il Azərbaycan Türkiyəyə əlavə qaz tədarükünü 43 % artıracaq
- 23 fevral, 2024
- 12:28
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycandan Türkiyəyə əlavə qısamüddətli qaz həcmlərinin tədarükü 5 milyard kubmetrə çatacaq.
“Report” xəbər verir ki, bu barədə Dünya Bankının 2060-cı ilə qədər karbon neytrallığına nail olunması haqqında hesabatda deyilir.
Hesabata əsasən, bu, 2022-cui ilin 2,5 milyard kubmetr göstəricisi ilə müqayisədə 2 dəfə çoxdur. 2023-cü ilin 3,5 milyard kubmetr göstəricisi ilə müqayisədə isə 42,9 % çoxdur.
Xatırladaq ki, Azərbaycandan Türkiyəyə əlavə qısamüddətli qaz həcmlərinin tədarükünə 2022-cü ildən başlanılıb.
Hazırda Azərbaycandan qardaş ölkəyə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz ixracı Cənubi Qafqaz Boru Kəməri və Trans-Adriatik Qaz Boru Kəməri (TANAP) ilə həyata keçirilir. Qaz nəqli ilə bağlı Türkiyə ilə imzalanmış müqavilə 2044-cü ilədək nəzərdə tutulub və onun çərçivəsində ildə 6 milyard kubmetr qaz ixrac olunacaq.
Hazırda Türkiyə qazı əsasən Rusiyadan idxal edir. Rusiyadan Türkiyəyə boru kəməri qazının idxalı Qara dənizdən keçən “Mavi axın” və “Türk axını-1” boru kəmərləri vasitəsilə həyata keçirilir. Bu boru kəmərlərinin ötürücülük gücü müfaviq olaraq 16 milyard kubmetr və 15,75 milyard kubmetr təşkil edir.
Nəzəri cəhətdən daha 16 milyard kubmetr nəql edə biləcək Trans-Balkan boru kəmərinin yenidən işə salınması ilə Türkiyə cənubdan Rumıniya və Bolqarıstana qaz tranziti üçün qismən əks rejimdə istifadə olunur.
Türkiyənin boru kəməri ilə təbii qaz aldığı ölkələrdən biri də İrandır. İrandan qaz 2026-cı ilə qədər qüvvədə olan 15 illik müqavilə əsasında Şərqi Anadolu Magistral Təbii Qaz Ötürmə Xətti ilə həyata keçirilir ki, onun da ötürücülük gücü 10,4 milyard kubmetr təşkil edir. Türkiyənin İrandan illik müqavilə həcmi təxminən 10 milyard kubmetrdir. Lakin minimum “Ödə və götür” şərtləri ilə imzalanmış müqaviləyə əsasən cəmi 7 milyard kubmetr olaraq qiymətləndirilir.
Energetika Nazirliyinin 2023-cü il üzrə açıqladığı məlumatlara əsasən, ümumilikdə ötən il Azərbaycandan xaricə qaz satışı 23,8 milyard kubmetr təşkil edib ki, bu, 2022-ci illə müqayisədə 5,3 % çoxdur. Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 9,5 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 1,1 milyard kubmetr və ya 13,1 % artıb. Hesabat dövründə Türkiyəyə TANAP ilə 5,6 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə eynidir.
Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.