Bu il Azərbaycan təbii qazının ixrac etdiyi ölkələri və həcmləri açıqladı

Energetika
  • 18 oktyabr, 2021
  • 09:42
Bu il Azərbaycan təbii qazının ixrac etdiyi ölkələri və həcmləri açıqladı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 14,927 milyard kubmetr təbii qaz ixrac edib.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən 9 ay ərzində ixrac edilən təbii qazın ümumi dəyəri 2,951 milyard ABŞ dolları təşkil edib.

Bu həcmlərin 7,833 milyard kubmetri Türkiyəyə, 2,262 milyard kubmetri Gürcüstana ixrac edilib.

Bundan başqa, ötən 9 ay ərzində İtaliyaya 3,995 milyard kubmetr, Yunanıstana 501,7 milyon kubmetr, Bolqarıstana 166,1 milyon kubmetr, İrana isə 169,4 milyon kubmetr təbii qaz ixrac edilib.

Türkiyəyə yanvar-sentyabr aylarında ixrac edilən təbii qazın ümumi dəyəri 1,207 milyard ABŞ dolları, Gürcüstana 281 milyon ABŞ dolları təşkil edib.

Həmçinin, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İtaliyaya 1,268 milyon ABŞ dolları, Yunanıstana 163,8 milyon ABŞ dolalrı, Bolqarıstana 25,5 milyon ABŞ dolları, İrana isə 6,4 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilib.

Qeyd edək ki, Azərbaycan “Şahdəniz” yatağından hasil edilən təbii qazı ixrac edir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə xarici bazarlara çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatic Təbii Qaz Kəməri (TAP) “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. 31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Azərbaycan və İranı ümumi uzunluğu 1 474,5 kilometr - 296,5 kilometri Azərbaycan ərazisində yerləşən "Qazı Məhəmməd-Bind-Biand" qaz kəməri əlaqələndirir. Bu marşrut 1971-ci ildə istismara verilən "Qazax-Astara-İran" boru kəmərinin qoludur. Boru kəmərinin diametri 1 200 millimetrdir.