Bu il Azərbaycan TANAP ilə 3,7 milyard kubmetrə yaxın qaz nəql edib

Energetika
  • 12 sentyabr, 2022
  • 11:03
Bu il Azərbaycan TANAP ilə 3,7 milyard kubmetrə yaxın qaz nəql edib

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə qaz satışı 14,4 milyard kubmetr təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-avqust ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, ötən ilin 8 ayı ilə müqayisədə 23 % çoxdur.

Bu ilin yanvar-avqust aylarında Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb.

Qeyd edək ki, bu müddətdə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 3,7 milyard kubmetrə yaxın qaz nəql olunub.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.