Bu il Azərbaycan neft ixracından gəlirlərini 63 % artırıb
- 18 iyul, 2022
- 06:27
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 12 milyon 915 min 623 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 9 milyard 361 milyon 250 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyun aylarında ixrac olunmuş məhsulun miqdarı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 % az, dəyəri isə 63 % çoxdur.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 50,66 % olub.
Xatırladaq ki, 6 ayda Azərbaycan xarici ölkələrlə 24,836 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyin dövrü ilə müqayisədə 74,9 % çoxdur.
Ötən 6 ayda xarici ticarət dövriyyəsinin 18,479 milyard ABŞ dolları ixracın, 6,357 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2,1 dəfə, idxal isə 17,9 % artıb.
Son nəticədə xarici ticarətdə 12,122 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,5 dəfə çoxdur.