Bu il Azərbaycan İsrailə neft satışını 23 %-ə yaxın artırıb
- 17 sentyabr, 2024
- 09:11
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan İsrailə 2 milyon 233 min 526,78 ton xam neft ixrac edilib.
“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 377 milyon 514,65 min ABŞ dolları təşkil edib.
Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin yanvar-avqust göstəriciləri ilə müqayisədə 22,7 %, dəyəri isə 26,6 % çoxdur.
İsrailə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 13,56 % olub.
Hesabat dövründə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10 milyard 308 milyon 018,86 min ABŞ dolları dəyərində 16 milyon 475 min 802,81 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrlə 30 milyard 995 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyənin 18 milyard 232 milyon ABŞ dolları ixracın, 12 milyard 764 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,1 % azalıb, idxal isə 14,5 % artıb.