Bu il Azərbaycan Çexiyaya neft ixracından qazancını 43 % artırıb

Energetika
  • 18 dekabr, 2024
  • 15:16
Bu il Azərbaycan Çexiyaya neft ixracından qazancını 43 % artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Çexiyaya 1 milyon 583 min 207,32 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 977 milyon 547,28 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 39,4 %, dəyəri isə 43,1 % çoxdur.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 7,34 % olub.

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 13 milyard 304 milyon 395,4 min ABŞ dolları dəyərində 21 milyon 555 min 781,63 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb.