Bu il Azərbaycan Avropaya qaz nəqlini 19 %-dək artırıb

Energetika
  • 16 mart, 2023
  • 13:29
Bu il Azərbaycan Avropaya qaz nəqlini 19 %-dək artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə qaz satışı 4,3 milyard kubmetr təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-fevral ayları üzrə operativ məlumatlarında deyilir.

Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.

Bu ilin yanvar-fevral aylarında Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz satılıb. 2022-ci ilin iki ayı ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 18,7 % artıb.

Türkiyəyə qaz satışı il ərzində 0,2 milyard kubmetr və ya 13,3 % artıb, Gürcüstana isə ötən ilin eyni dövrü ilə müqayisədə eyni səviyyədə qalıb.

Qeyd edək ki, ötən iki ay ərzində Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 0,9 milyard kubmetrə yaxın qaz nəql olunub.

TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə 2018-ci il iyunun 30-da başlanılıb.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

Qeyd edək ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.