Bu il Azərbaycan Avropaya qaz nəqlini 11 %-dən çox artırıb

Energetika
  • 11 aprel, 2023
  • 12:35
Bu il Azərbaycan Avropaya qaz nəqlini 11 %-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaricə qaz satışı 6,5 milyard kubmetr təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-mart üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 11,2 % çoxdur.

Hesabat dövründə Avropaya 2,9 milyard kubmetr, Türkiyəyə 2,7 milyard kubmetr, Gürcüstana isə 0,9 milyard kubmetr qaz satılıb. 2022-ci ilin ilk rübü ilə müqayisədə Avropaya qaz satışı 0,3 milyard kubmetr və ya 11,5 % artıb.

Türkiyəyə qaz satışı il ərzində 0,5 milyard kubmetr və ya 22,7 % artıb, Gürcüstana isə qaz satışı 0,2 milyard kubmetr və ya 18,2 % azalıb.

Ötən rüb ərzində Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 1,4 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 2,6 milyard kubmetr və ya 2,9 dəfə azdır.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.