Bu il Azərbaycan Avropaya 7 milyard kubmetrə yaxın qaz nəql edib

Energetika
  • 11 avqust, 2023
  • 11:44
Bu il Azərbaycan Avropaya 7 milyard kubmetrə yaxın qaz nəql edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropaya 6,6 milyard kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyul üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz satışı 0,1 milyard kubmetr və ya 1,5 % artıb.

Ümumilikdə isə bu ilin 7 ayında Azərbaycandan xaricə qaz satışı 13,8 milyard kubmetr təşkil edib ki, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 7 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Türkiyəyə qaz ixracı 1 milyard kubmetr və ya 20,8 % artıb, Gürcüstana isə 0,2 milyard kubmetr və ya 12,5 % azalıb.

Hesabat dövründə Türkiyəyə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 3,3 milyard kubmetrə yaxın qaz nəql olunub. Bu da illik müqayisədə 0,1 milyard kubmetr və ya 3,1 % çoxdur.

Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdən 12 milyard kubmetrə çatıb.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.