Bu il Azərbaycan 18 milyon tona yaxın neft ixrac edib
- 16 oktyabr, 2024
- 07:03
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 11 milyard 8 milyon 329,94 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 11,4 %, dəyəri isə 9,2 % azdır.
Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 55,44 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.