Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 58 %-dən çox artırıb

Energetika
  • 05 iyul, 2023
  • 07:57
Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 58 %-dən çox artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 1 milyard 002 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 368,744 milyon ABŞ dolları və ya 58,2 % çoxdur.

Bu ilin ilk yarım ilində Neft Fonduna daxil olan vəsaitlərin 210,851 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 6 aylıq dövrü ilə müqayisədə 8,506 milyon ABŞ dolları və ya 3,9 % azdır.

Xatırladaq ki, ötən ilin ilki 6 ayında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 633,256 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 219,357 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).