Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 2 dəfədən çox artırıb

Energetika
  • 04 may, 2023
  • 10:44
Bu il ARDNF “Şahdəniz”dən gəlirlərini 2 dəfədən çox artırıb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından 935,754 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə "Report"a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci ilin eyni ayları ilə müqayisədə 530,279 milyon ABŞ dolları və ya 2,3 dəfə çoxdur.

Bu ilin ilk dörd ayı ərzində Neft Fonduna daxil olan vəsaitlərin 197,763 milyon ABŞ dolları kondensatın payına düşüb. Bu da 2022-ci ilin 4 aylıq dövrü ilə müqayisədə 100,768 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-aprel aylarında ARDNF-in “Şahdəniz” yatağı üzrə əldə etdiyi gəlirin həcmi 405,475 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağından çıxarılan kondensatın satışından isə 96,995 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lkoil” (19,99 %), TPAO (19 %), SOCAR (14,35 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (6,67 %).