Bu il ARDNF “Azəri-Çıraq-Günəşli”dən gəlirlərini 2 dəfəyədək artırıb

Energetika
  • 05 avqust, 2022
  • 12:09
Bu il ARDNF  “Azəri-Çıraq-Günəşli”dən gəlirlərini 2 dəfəyədək artırıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 5 milyard 683 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 milyard 779,8 milyon ABŞ dolları və yaxud 1,96 dəfə çoxdur. l

Xatırladaq ki, 2021-ci ilin 7 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 2 milyard 903,2 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.