Bu il Aktaudan BTC ilə nəql edilən Qazaxıstan neftinin həcmi 8 dəfədən çox artıb

Energetika
  • 12 oktyabr, 2023
  • 09:14
Bu il Aktaudan BTC ilə nəql edilən Qazaxıstan neftinin həcmi 8 dəfədən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Qazaxıstanın “KazTransOil” şirkəti Aktau limanından “Tengiz” yatağından hasil edilmiş 990,2 min ton nefti Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəql edib.

Bu barədə “Report” “KazTransOil” şirkətinə istinadən xəbər verir.

Bildirilib ki, bu, 2022-ci ilin 9 ayı ilə müqayisədə 870 min ton və ya 8,2 dəfə çoxdur.

Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi 2 milyon 484,8 min ton təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 864 min ton və ya 53 % çoxdur.

Aktau limanından Mahaçqala limanı istiqamətində 1 milyon 494,6 min ton Qazaxıstan nefti göndərilib ki, bu da 2022-ci ilin 9 ayının göstəricisindən 5,9 min ton azdır.

Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq, “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağından hasil edilən, Bakı-Tbilisi-Ceyhan kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş imzalanıb.