Bu il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

Energetika
  • 08 aprel, 2024
  • 11:18
Bu il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından 5,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar-mart ayları üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 0,7 milyon ton və ya 11,7 % azdır.

Bu ilin ilk rübündə “Azəri-Çıraq-Günəşli”dən 4,2 milyon ton neft çıxarılıb ki, bu da 0,8 milyon ton və ya 16 % azdır.

Bu ilin ilk üç ayında “Şahdəniz” yatağında isə 1,1 milyon ton kondensat çıxarılıb. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 0,1 milyon ton və ya 10 % çoxdur.

Bu ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından hasil edilən neftin 5,2 milyon tonu ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk rübü ilə müqayisədə 0,8 milyon ton və ya 13,3 % azdır.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin aprelin 1-nə 634,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bildirilir ki, “Azəri-Çıraq-Günəşli”dən 588,9 milyon ton neft, “Şahdəniz”dən isə 45,6 milyon tona yaxın kondensat çıxarılıb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin aprelin 1-nədək 632,5 milyon tonu ixraca nəql edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.