Bu il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb
- 11 dekabr, 2024
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 milyon ton və ya 5,9 % azdır.
Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 15,4 milyon ton neft çıxarılıb ki, bu da illik müqayisədə 1 milyon ton və ya 6,1 % çoxdur.
Bu ilin 11 ayında “Şahdəniz” yatağında 3,1 milyon ton kondensat çıxarılıb. Bu, 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,2 milyon ton və ya 6,06 % azdır.
“Şahdəniz”dən hasil edilən kondensatın həcmi 3,8 milyon tonu ixraca nəql edilib ki, bu da 2023-cü ilin 11 ayı ilə müqayisədə 0,1 milyon ton və ya 2,6 % azdır.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin dekabrın 1-dək 648,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 600,1 milyon ton neft, “Şahdəniz”dən isə 48,3 milyon tona yaxın kondensat çıxarılıb. Bu yataqlardan indiyə kimi 646,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.