Bu il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

Energetika
  • 14 oktyabr, 2024
  • 10:28
Bu il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından 15,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin 9 ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrünün göstəricisinə nisbətən 1,3 milyon ton və ya 7,7 % azdır.

Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 12,5 milyon ton neft çıxarılıb ki, bu da illik müqayisədə 1 milyon ton və ya 7,4 % çoxdur.

“Şahdəniz” yatağında isə 3,1 milyon ton kondensat çıxarılıb. Bu, 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 0,2 milyon ton və ya 6,06 % azdır.

AÇG -dən hasil edilən neftin 15,6 milyon tonu ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk 9 ayı ilə müqayisədə 1,4 milyon ton və ya 8,2 % azdır.

Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin oktyabrın 1-dək 644,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən 597,2 milyon ton neft, “Şahdəniz”dən isə 47,6 milyon tona yaxın kondensat çıxarılıb. Bu yataqlardan indiyə kimi 642,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.