Bu il AÇG və “Şahdəniz”dən hasil və ixrac edilən neft və kondensatın həcmi açıqlanıb
- 12 mart, 2024
- 11:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan və “Şahdəniz” yatağından 3,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqladığı operativ məlumatlarında deyilir.
Bu, 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 0,5 milyon ton və ya 12,5 % azdır.
Hesabat dövründə “Azəri-Çıraq-Günəşli”dən 2,8 milyon ton neft çıxarılıb ki, bu da bir il öncəki göstəricidən 0,2 milyon ton və ya 6,67 % azdır. Bu ilin ilk iki ayında “Şahdəniz” yatağında 0,7 milyon tona yaxın kondensat çıxarılıb. Bu, 2023-cü ilin eni dövrü ilə müqayisədə 0,3 milyon ton və ya 30 % azdır.
Bu il bu yataqlardan hasil edilən neft və kondensatın 3,4 milyon tonu ixraca nəql edilib ki, bu da 2023-cü ilin ilk iki ayı ilə müqayisədə 0,6 milyon ton və ya 15 % azdır.
Ümumilikdə, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin martın 1-nə qədər 632,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bildirilir ki, “Azəri-Çıraq-Günəşli”dən 587,5 milyon ton neft, “Şahdəniz” yatağından isə 45,2 milyon ton kondensat hasil edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu ilin martın 1-nə qədər 630,7 milyon ton neft (kondensatla birlikdə) ixrac edilib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.
Layihədə BP (operator – 29,99 %), "LUKoil" (19,99 %), TPAO (19 %), NİCO (10 %) "SGC Upstream" (21,02 %) şirkətləri iştirak edir.