Bu il AÇG üzrə əsaslı xərclər 7 %-ə yaxın azalıb
- 10 may, 2024
- 08:21
Bu ilin yanvar-mart aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə görə təqribən 115 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 347 milyon ABŞ dollarına yaxın əsaslı məsrəfləri olub.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin I rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin I rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə eni qalıb, əsaslı xərclər isə 25 milyon ABŞ dolları və ya 6,72 % azalıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.