Bu il AÇG üzrə əməliyyat xərcləri 5 %-ə yaxın artıb
- 01 avqust, 2024
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə görə təqribən 243 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 698 milyon ABŞ dollarına yaxın əsaslı məsrəfləri olub.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından bu ilin II rübü üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin II rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 % artıb, əsaslı xərclər isə 48 milyon ABŞ dolları və ya 6,8 % azalıb.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.