Bu il AÇG üzrə əməliyyat və əsaslı xərclər azalıb
- 05 may, 2022
- 08:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin birinci rübü ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqları üzrə fəaliyyətlərə təxminən 133 milyon ABŞ dolları əməliyyat məsrəfləri və 396 milyon ABŞ dollarına yaxın əsaslı məsrəflər xərcləyib.
“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından I rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.
Bu ilin I rübündə AÇG üzrə əməliyyat xərcləri ötən ilin müvafiq dövründən 6,34 %, əsaslı xərclər isə 14,5 % azdır.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.