BTC kəmərinin əməliyyat xərcləri 4 dəfə artıb
- 04 may, 2023
- 14:37
Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 34 milyon ABŞ dolları, əsaslı xərclər isə təqribən 10 milyon ABŞ dolları təşkil edib.
Bu barədə “Report” “BP-Azerbaijan” şirkətinin tərəfdaşları adından bu ilin birinci rübünün yekunları ilə bağlı yaydığı hesabata istinadən xəbər verir.
Hesabata görə, 2022-ci ilin birinci rübü ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 25 milyon ABŞ dolları və ya 3,8 dəfə artıb, əsaslı xərclər isə 6 milyon ABŞ dolları və ya 2,5 dəfə azalıb.
Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2023-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 539 milyon ton (4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 314 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 18 yanvar 2023-cü il tarixində qeyd edilib.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş 7 milyon tondan artıq (təqribən 53 milyon barel) xam neft və kondensat 70 tankerə yüklənib və yola salınıb. BTC ilə nəqlin həcmi illik müqayisədə 0,3 milyon ton və ya 4,48 % artıb.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.