BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 24 %-dən çox azalıb

Energetika
  • 14 noyabr, 2025
  • 15:41
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 24 %-dən çox azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 30 milyon 580,7 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 10 ayının göstəricisinə nisbətən 4 % azdır.

Ötən dövr ərzində nəqletmənin 74,4 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-oktyabr aylarında 22 milyon 760,8 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 5,9 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 85,1 %-ini və ya 19 milyon 369,1 min tonunu Azərbaycanda hasil edilən neft, 14,9 %-ini və ya 3 milyon 391,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 1,7 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 24,2 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti