BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 % azalıb

Energetika
  • 14 oktyabr, 2025
  • 16:03
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 21 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 27 milyon 592,8 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk 9 ayının göstəricisinə nisbətən 4,4 % azdır.

Ötən dövr ərzində nəqletmənin 74,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-sentyabr aylarında 20 milyon 569,1 min ton neft ötürülüb. Bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə 5,1 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 84,6 %-ini və ya 17 milyon 404,4 min tonunu Azərbaycanda hasil edilən neft, 15,4 %-ini və ya 3 milyon 164,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 1,5 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 21 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti