BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 14 %-dək azalıb

Energetika
  • 20 fevral, 2023
  • 11:09
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 14 %-dək azalıb

2023-cü ilin yanvar ayı ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 3 milyon 255,1 min ton neft nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin yanvar ayına nisbətən 9,2 % çoxdur.

Ötən ay ərzində nəqletmənin 77,8 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.

Hesabat ayı ərzində BTC vasitəsilə 2 milyon 533,5 min ton neft ötürülüb. Bu isə 2022-ci ilin yanvar ayı ilə müqayisədə 10,2 % çoxdur.

Yanvarda BTC kəməri ilə 370,6 min ton tranzit nefti də nəql edilib ki, bu da 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 13,8 % azdır.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.