BTC kəməri ilə nəql edilən neftin həcmi açıqlanıb
- 16 may, 2024
- 10:16
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 12 milyon 787,8 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2023-cü ilin yanvar-aprel aylarının göstəricisinə nisbətən 0,35 % azdır.
Ötən 4 ay ərzində nəqletmənin 75,1 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-aprel aylarında bu kəmər vasitəsilə 9 milyon 606,6 min ton neft ötürülüb. Bu, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2 % azdır.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81 %-ini və ya 7 milyon 784,8 min tonunu Azərbaycanda hasil edilən neft, 19 %-ini və ya 1 821,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), “EksonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.