BTC kəməri ilə nəql edilən neftin həcmi 5 %-dən çox artıb
- 13 iyun, 2023
- 13:41
Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 16 milyon 261,3 min ton neft nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,1 % çoxdur.
Hesabat dövründə nəqletmənin 76,5 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib.
Bu ilin yanvar-may aylarında bu kəmər vasitəsilə 12 milyon 434,6 min ton neft ötürülüb. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 % çoxdur.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 84,3 %-ini və ya 10 milyon 486,1 min tonunu Azərbaycanda hasil edilən neft, 15,7 %-ini və ya 1 milyon 948,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Qazaxıstan nefti nəql olunur.
BTC Ko.-nun səhmdarları: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); Ekvinor (8,71 %); TPAO (6,53 %); Eni (5 %); Total (5 %), İTOÇU (3,4 %); İNPEKS (2,5 %), EksonMobil (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.