BTC kəməri ilə I rübdə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Energetika
  • 15 aprel, 2025
  • 11:14
BTC kəməri ilə I rübdə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 9 milyon 028,8 min ton neft nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin ilk rübünün göstəricisinə nisbətən 6,6 % azdır.

Ötən dövr ərzində nəqletmənin 76,2 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib. Bu kəmər vasitəsilə yanvar-mart aylarında 6 milyon 880,8 min ton neft ötürülüb. Bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5,3 % azdır.

Hesabat dövründə BTC kəməri ilə nəql edilmiş neftin 83,2 %-ini və ya 5 milyon 727,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 %-ini və ya 1 milyon 153,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 2,4 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 17,6 % azalıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən nefti və “Şahdəniz” yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,92 %) pay sahibidir.