BTC ilə nəql edilən neftin həcmi 8 %-dən çox azalıb

Energetika
  • 04 noyabr, 2021
  • 09:51
BTC ilə nəql edilən neftin həcmi 8 %-dən çox azalıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 96 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 22 milyon ABŞ dolları xərclənib.

“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2021-ci ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 495 milyon tondan artıq (3,71 milyard barel) xam neft nəql edilib və Ceyhanda 4 863 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Bu ilin 9 ayında BTC üzrə əməliyyat xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29 milyon ABŞ dolları və ya 43,3 %, əsaslı xərclərin həcmi isə 2 milyon ABŞ dolları və ya 10 % çoxdur.

Bu ilin üç rübü ərzində isə Ceyhan terminalından BTC vasitəsilə təqribən 19,6 milyon ton (təxminən 148 milyon barel) xam neft və kondensat ixrac olunub və Ceyhanda 204 tankerə yüklənib. Yanvar-sentyabr ərzində BTC ilə nəqlin həcmi illik müqayisədə 8,4 % azdır.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.