“BTC Co”nun Bakı-Tbilisi-Ceyhan kəmərinin fəaliyyətindən əldə etdiyi gəlir açıqlanıb

Energetika
  • 02 iyul, 2024
  • 09:48
“BTC Co”nun Bakı-Tbilisi-Ceyhan kəmərinin fəaliyyətindən əldə etdiyi gəlir açıqlanıb

2023-cü ildə “BTC Co” boru kəməri şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından 12 milyon manat xalis mənfəət əldə edib.

“Report” bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hesabatına istinadən xəbər verir.

2022-ci illə müqayisədə “BTC Co”nun ötən il xalis mənfəəti 10,3 dəfə azalıb.

“BTC Co”nun 2023-cü ildə gəlirləri 1 milyard 005 milyon manat (21,2 % çox), satışının maya dəyəri 528 milyon manat (39,7 % çox), digər gəlirləri 54 milyon manat (6,75 dəfə çox) təşkil edib. Şirkətin maliyyə xərcləri 47 milyon manat (2,2 dəfə çox), ümumi və inzibati xərcləri 343 milyon manat (16,3 % çox) təşkil edib.

Ötən ilin sonuna olan məlumata əsasən, “BTC Co”nun xalis aktivləri 6 milyard 628 milyon manat (1,5 % az) təşkil edib və bunun da 25 %-i və ya 1 milyard 657 milyon manatı SOCAR-ın payına düşüb.

2023-cü ilin sonuna “BTC Co”nun cari aktivləri 594 milyon manat (58,8 % çox), uzunmüddətli aktivləri 7 milyard 068 milyon manat (4,7 % az) təşkil edib. Bundan başqa, ötən ilin sonuna şirkətin cari öhdəlikləri 439 milyon manat (8,9 % az), uzunmüddətli öhdəlikləri 595 milyon manat (3,1 % çox) təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə vurulan neft və kondensatın həcmi 30 milyon ton (təxminən 227 milyon barel) təşkil edib və bu da 2022-ci ilin göstəricisinə uyğundur.

Qeyd edək ki, BTC vasitəsilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. “BTC Co”nun səhmdarları aşağıdakılardır: BP (30,1 %); AzBTC (25 %); MOL (8,9 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5 %); “Total” (5 %), “Itochu” (3,4 %); INPEX (2,5 %), “Exxon Mobil” (2,5 %) və “ONGC (BTC) Limited” (2,36 %).

44 filmi