"Brent" neftinin qiyməti 87 dolları ötüb
- 14 iyul, 2026
- 17:03
Yaxın Şərqdə davam edən gərginlik fonunda "Brent" markalı neftin kotirovkaları gündüz saatlarındakı ticarət zamanı artmağa davam edərək 1 barel üçün 87,55 ABŞ dolları olub.
"Report" xəbər verir ki, bunu ticarət məlumatları təsdiqləyir.
Daha sonra kotirovkalar bir qədər aşağı düşüb. Belə ki, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin sentyabr fyuçersləri 3,34 % bahalaşaraq 1 barel üçün 86,08 ABŞ dollarına çatıb.
NYMEX birjasında WTI markalı neftin avqust fyuçersləri isə 2,07 % bahalaşaraq 1 barel üçün 79,76 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus iki neft tankeri Oman sularında, Hörmüz boğazı ərazisində İranın zərbələrinə məruz qalıb. Mombasa tankerinə hücum nəticəsində komanda üzvlərindən biri ölüb, səkkiz nəfər yaralanıb. Gəmilərə əhəmiyyətli dərəcədə maddi ziyan dəyib.